Azərbaycanda meteoroloji şərait
Azərbaycanda meteoroloji şərait−Azərbaycanda ilk meteoroloji müşahidələr 1843-cü ildə Naxçıvanda başlanılmış, 1847-ci ildə Lənkəranda, 1848-ci ildə Şuşa və Bakı şəhərlərində, 1872-ci ilə indiki Gəncə şəhərində, 1872-ci ildə Zaqatala və Şəkidə, 1879-cu ildə Göytəpədə aparılmışdır.
== Respublika üzrə orta çoxillik temperatur norması ==
Respublika üzrə orta çoxillik temperatur norması (1961 -1990) 12.3 0C təşkil edir. Son illərdə çoxillik norma ilə müqayisədə istər ayrı-ayrı yüksəklik intervalları, istərsə də ölkə üzrə temperatur göstəricilərində artım müşahidə edilməkdədir.
Çoxillik dövr ərzində orta çoxillik temperatur artımı Abşeron - Qobustan, Lənkəran -Astara, Böyük Qafqaz ərazilərində +0.70C, Kiçik Qafqaz, Kür –Araz, Naxçıvan MR-da isə +1.0, +1.10C müşahidə edilmişdir.
Çoxillik norma ilə müqayisədə yağıntıların azalması 200–500 m yüksəklik intervalına, yağıntının ən çox artımı isə, 500-1000 yüksəklik intervalına düşür.
== Dolu hadisələri ==
Azərbaycanda dolu əsasən Böyük Qafqazın cənub yamacında, Kiçik Qafqazın şimal yamacında, Naxçıvan MR-də daha çox müşahidə edilir. Böyük Qafqazın yüksək dağlıq ərazilərində (2300–2800 m) il ərzində dolu düşən günlərin sayı 8 -10 günə, Kiçik Qafqazda dolunun təkrarlanması 10-12 günə (2300–2700 m yüksəkliklərdə), Naxçıvan MR-də (2800–3200 m yüksəkliklərdə) 5 -7 günə bərabər olur. Dağlıq Qarabağ ərazisində il ərzində dolu düşən günlərin sayı 3-4 gün, ölkənin digər ərazilərində isə (Kür-Araz, Şəki-Zaqatala, Lənkəran-Astara) 0.5-1 gün müşahidə edilir.
Aylar üzrə respublika ərazisində dolunun ən çox təkrarlanması oroqrafik şəraitlə bağlı temperatur və rütubətin, konvektiv proseslərin dinamikasının artması hesabına əsasən aprel və may aylarında baş verir.
Son illərdə qlobal iqlim dəyişmələrinin regional təsirlərindən ölkə ərazisində dolu hadisələri baş verən günlərin təkrarlanmasında azalma müşahidə olunsa da ayrı-ayrı illərdə lokal xarakterli nisbətən çox təsir gücünə malik, iri diametrli dolu, buz parçalarının düşməsi halına daha çox rast gəlinir.